Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir. 
(Hud Surəsi, 107)



Siz ikiqat müsibət gətirmiş olduğunuz halda, başınıza bir müsibət gəldiyi zaman: “Bu, haradan gəldi?”– söylədiniz. De ki: “Bu, sizin özünüzdəndir!” Həqiqətən, Allah hər şeyə qadirdir.  
(Ali-İmran Surəsi, 165)


Şərq də, Qərb də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah (hər şeyi) Əhatəedəndir, Biləndir.
 (Bəqərə Surəsi, 115)


Şübhəsiz ki, Biz hər şeyi qədər ilə yaratdıq.
 (Qəmər Surəsi, 49)

Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. (Hədid Surəsi, 22)


Yoxsa onlar Allahın (əzabının) bulud kölgələri içində mələklərlə gəlməsini və işin tamam olmasını (özlərinin məhv edilməsini) gözləyirlər? Şübhəsiz ki, bütün işlər Allaha qayıdacaqdır. (Bəqərə Surəsi, 210)

 
“Yoxsa onlar Allahın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqlar.” (Ali İmran Surəsi, 83)
 
 “Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim düz yoldadır!” (Hud Surəsi, 56)
 
Biz dağları ona ram etmişdik. Onlar axşam-səhər onunla birlikdə (Allahı) təqdis edib şəninə təriflər deyərdilər.” (Sad Surəsi, 18)


“Bu ona görə idi ki, elçiləri onlara açıq-aydın dəlillər gətirdikləri halda, onlar inkar edirdilər. Buna görə də Allah onları (əzabla) yaxaladı. Həqiqətən, O, Qüvvətlidir, cəzası da şiddətlidir.” (Mümin Surəsi, 22)

“Məgər onlar yer üzündə dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Halbuki onlar bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allahı aciz edə biləcək heç bir şey yoxdur. Həqiqətən, O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!” (Fatir Surəsi, 44)


O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir.”   
(Ənam Surəsi, 101)

Sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: “Adəmə səcdə edin!”– dedik. İblisdən başqa (hamısı) səcdə etdi. O, səcdə edənlərdən olmadı.”  
(Əraf Surəsi, 11)


“Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da ərşə ucalan, müəyyən vaxta qədər hərəkət edən günəşi və ayı (əmrinə) tabe edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız.” 
(Rad Surəsi, 2)

 “O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra sizin saydığınızın min ilinə bərabər olan bir gündə Ona doğru yüksələr.” 
(Səcdə Surəsi, 5)


Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır.” (Bəqərə Surəsi, 7)

“Onlar bağladıqları əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, peyğəmbərləri haqsız yerə öldürdüklərinə və: “Qəlblərimiz qapalıdır!”– demələrinə görə (lənətə düçar edildilər). Xeyr, küfrləri üzündən Allah onların qəlblərini möhürləmişdir. Onların yalnız az bir hissəsi iman gətirir.”  
(Nisa Surəsi, 155) 


     “Sizin ilahınız Tək olan İlahdır. Ondan başqa ilah yoxdur, Mərhəmətlidir, Rəhmlidir.”  (Bəqərə Surəsi, 163)


“Allah Özündən başqa tanrının olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də (şahidlik etdilər). (Allah əbədi olaraq) ədalətli olmaqdadır. Ondan başqa ilah yoxdur, Qüdrətlidir, Müdrikdir.”
(Ali- İmran Surəsi, 18)


“O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı Bilən Allahdır. O Mərhəmətlidir, Rəhmlidir. O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, (haqqı) təsdiq edən, (hər şeyi) müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır. O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.” 
(Həşr Surəsi, 22-24)