Şərq də, Qərb də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah (hər şeyi) Əhatəedəndir, Biləndir.
 (Bəqərə Surəsi, 115)

Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Allah hər şeyi əhatə edir. (Nisa Surəsi, 126)

Onlar insanlardan gizlədir, Allahdan isə gizlətmirlər. Halbuki onlar (Allahın) razı qalmadığı sözləri gecələr xəlvətdə söylədikləri vaxt belə, O, onların yanında olur. Allah onların nə etdiklərini əhatə edir.
 (Nisa Surəsi, 108)

“Sizin tanrınız ancaq O Allahdır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, elm ilə hər şeyi əhatə edir.” (Taha Surəsi, 98)

Bil ki, onlar öz Rəbbi ilə qarşılaşacaqları barədə şəkk-şübhə içindədirlər. Bil ki, O, hər şeyi əhatə edir. (Fussilət Surəsi, 54)

O dedi: “Ey qövmüm! Məgər mənim qəbiləm sizin üçün Allahdan da əzizdir? Siz Onu saymayıb unutdunuz. Şübhəsiz ki, Rəbbim sizin nə etdiklərinizi əhatə edir.(Hud, 92)

Bax belə! Biz onun başına gələnlərin hamısını büsbütün əhatə etmişdik.
(Kəhf Surəsi, 91)

Bir zaman Biz sənə: “Rəbbin insanları əhatə etmişdir”– demişdik. (Meracda) sənə göstərdiyimiz mənzərəni və Quranda lənətlənmiş ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, bu isə onlarda ancaq böyük bir azğınlığı daha da artırır. (İsra Surəsi, 60)

Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.
(Talaq Surəsi, 12)